Nizami rayonunda Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
23 iyun 2023-cü il tarixində Nizami Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi və İctimai Televiziya və Radio Yayımları Şirkəti birgə Azərbaycanın Milli Qəhrəmanı mayor Əlif Lətif oğlu Hacıyevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, İctimai Televiziya və Radio Yayımları Şirkətinin istehsalı olan “Xocalının Əlifi” sənədli televiziya filmi nümayiş etdirilib.
Sonra Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Azərbaycanın Milli Qəhrəmanı mayor Əlif Lətif oğlu Hacıyevin bacısı Şükufə Hacıyeva, “Xocalının Əlifi” sənədli televiziya filminin ssenari müəllifi Əlövsət Sadıqov çıxış ediblər.
Bildirilib ki, Əlif Lətif oğlu Hacıyev 1953-cü il iyun ayının 24-də Xocalı şəhərində doğulub, daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləyib, Xocalı Təyyarə limanı Xətt Daxili İşlər bölməsinin rəisi, Xocalı Aeroportunun komendantı olub. Qarabağda fəaliyyət göstərən gizli erməni millətçi mərkəzini ifşa edən Əlif Hacıyev Xocalı soyqırımı zamanı düşmənlərə qarşı qəhrəmancasına vuruşaraq şəhid olub.
Çıxışlardan sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi “Böyük Zəfər” medalı Azərbaycanın Milli Qəhrəmanı mayor Əlif Lətif oğlu Hacıyevin 70 illik yubileyi münasibətilə nəvəsinə təqdim olunub, gənc nəslin milli ruhda tərbiyə olunmasında və vətənpərvərlik dəyərlərinin təbliğində xidmətlərinə görə “Xocalının Əlifi” sənədli filminin yaradıcı heyətinə Fəxri Fərmanlar verilib.