Nizami rayonunda Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynov adına küçənin açılışı olub
31 avqust 2023-cü il tarixində Nizami rayonunda Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Elman Süleyman oğlu Hüseynovun adını daşıyan küçənin açılış mərasimi olub.
Qeyd edək ki, Bəhruz Nuriyev və Elşən Süleymanov küçələrini birləşdirən adsız küçə “Elman Hüseynov küçəsi” adlandırılıb.
Açılış mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaətdən danışıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparanların, şəhid olanların dövlət tərəfindən unudulmadığını, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşıldığını, diqqət və qayğı göstərildiyini bildirib.
Daha sonra çıxış edən şəhidin ailə üzvləri və yoldaşları onun qəhrəmanlığından, vətənpərvərliyindən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, mayor Elman Hüseynov Qarabağda baş verən hadisələrlə bağlı 1991-ci il sentyabrın 22-i Tərtər rayonunda könüllülərdən ibarət ərazi özünümüdafiə qərargahı yaradıb və özü də onun rəisi olub. Elman Hüseynov 12 noyabr 1991-ci ildə “Tərtər” batalyonuna komandir təyin edilib. Ağdərə, Seysulan, Yarımca, Çaylı, Marquşevan, Marağa, Həsənqaya, Levonarx, Ortakənd, Sərsəng su anbarı, Kasapet, Drambon, Mağavuz, Çıldıran yaşayış məntəqələrinin erməni işğalçılarından təmizlənməsi uğrunda rəşadətlə vuruşub. Batalyon komandiri döyüşlərdə bir neçə dəfə yaralanıb, 14 yanvar 1993-cü ildə cəsur komandir Kəlbəcər rayonunun Vəng kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə mayor Hüseynov Elman Süleyman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.