Nizami rayonunda "Bacarıqların gücü – sərhədləri aşan qəlblər" adlı tədbir keçirilib
Nizami Rayon İcra Hakimiyyəti və Liv Bona Dea Hospitalın birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 29 may 2025-ci il tarixində "Bacarıqların gücü – sərhədləri aşan qəlblər" adlı tədbir keçirilib.
Tədbirdə qonaqlar, Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 3 №-li Respublika internat məktəbinin, Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən 1 saylı Uşaq evi sosial xidmət müəsisəsinin, “Birgə və Sağlam” İctimai Birliyinin Autizim Mərkəzinin, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin, “Qayğı” Uşaq Reabilitasiya Mərkəzinin xüsusi qayğıya ehtiyacı olan uşaqları, müəllimlər və valideynlər iştirak ediblər.
İlk öncə iştirakçılar uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Könül Nurullayeva və Liv Bona Dea Hospitalın baş direktoru Taner Özbek çıxış edərək uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara sağlam və firavan həyat arzulayıblar.
Eyni zamanda, respublikamızda xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən hərtərəfli qayğıdan və dövlət dəstəyindən, bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın qayğıkeşlik, humanizm və mərhəmət, uşaqlara olan sonsuz sevgi duyğularını özündə əks etdirən geniş fəaliyyətindən, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın müntəzəm olaraq uşaqlara göstərdikləri qayğıdan söhbət açılıb.
İştirakçılara tədbirlə bağlı film nümayiş olunub.
Tədbirin keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyası, istedad və bacarıqlarının üzə çıxarılması, onları ruhlandırmaq, özlərinə olan inamını və gələcəyə olan ümidini artırmaq, BMT-nin Uşaq Hüquqları Konvensiyası çərçivəsində bütün uşaqların bərabər hüquqa malik olduğunu vurğulamaq, cəmiyyətdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara qarşı anlayış, empatiya və qəbul hissini gücləndirməkdir.
Tədbirdə, həmçinin valideynlər çıxış edərək, xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən hərtərəfli qayğı və dövlət dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Tədbir uşaqların ifasında bədii hissə ilə davam edib.