Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Bilik Günü” münasibətilə tədbirlər keçirilib

15 sentyabr 2023 | 10:53

Nizami rayonunun tədris müəssisələrində qonaqların, ictimaiyyət nümayəndələrinin, məktəblərin pedoqoji kollektivlərinin, şagird və valideynlərin iştirakı ilə 15 sentyabr “Bilik Günü” münasibətilə tədbirlər keçirilib.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 70 nömrəli məktəb-liseydə təşkil olunan tədbirdə iştirak edib.

İlk öncə məktəbin həyətində Şəhidlər Kompleksi önünə güllər qoyulub, şəhidlərin xatirələri yad olunub.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı yeni tədris ilinin başlanması - 15 sentyabr “Bilik Günü” münasibətilə məktəbin rəhbərliyini, şagird və müəllim kollektivini, həmçinin Vətən müharibəsi şəhidi baş leytenant Bayram Babaşovun oğlu İlqar Babaşlının və şəhid Vüqar Cəfərovun qardaşı qızı Arzu Cəfərlinin timsalında məktəb-liseyin birinci sinfində təhsilə başlayacaq şagirdləri və onların ailə üzvlərini təbrik edib, onlara yeni tədris ilində uğurlar diləyib.

Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan təhsil strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə çox uğurla davam etdirilir. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, təhsilin əlçatanlığının təmin edilməsi, savadlı nəsil yetişdirilməsi və gələcəyimiz olan gənclərə daha yaxşı təhsil verilməsi istiqamətində yeni layihələr həyata keçirilir.

Tədbirdə 70 nömrəli məktəb-liseyin uğurları və qarşıda duran əsas vəzifələr barədə məlumatlar verilib, həmçinin məktəblilərin ifasında kompozisiya nümayiş olunub.

Yeni tədris ilinin başlanmasını bildirən rəmzi ilk zəng çalındıqdan sonra birincilər siniflərə yola salınıb.

Rayon İcra Hakimiyyətinin başçısı İlqar Babaşlının və Arzu Cəfərlinin təhsil aldığı siniflərlə tanış olub, onlarla səmimi söhbət edib və təhsilində uğurlar arzulayıb.

Keçidlər