Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda COP29 tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

08 oktyabr 2024 | 18:52

Bu ilin noyabr ayında Bakı şəhərində keçiriləcək COP29 tədbiri ərəfəsində paytaxtda görülən işlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq, 08 oktyabr 2024-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının, bələdiyyələrin, kommunal və təsərrüfat xidmətlərinin rəhbərlərinin, rayonda fəaliyyət göstərən sahibkarların iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzunun növbəti təsdiqi kimi bu ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinin əhəmiyyətindən danışıb.

Müşavirədə COP29 tədbiri ilə əlaqədar rayonda görülmüş işlərlə bağlı keçirilən monitorinq əsasında hazırlanan fotoşəkillərdən ibarət slaydlar nümayiş etdirilib.

Daha sonra rayonda aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərinin vəziyyəti ilə bağlı məruzələr dinlənilib və geniş müzakirə aparılıb.

Müşavirəyə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Bakıda keçiriləcək mötəbər tədbirlə əlaqədar rayonda görülməsi zəruri olan işlərin qısa müddət ərzində yekunlaşdırılması barədə aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını verib.

Keçidlər