Nizami rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib
23 iyun 2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluqçularını təbrik edərək hər birinə bu şərəfli işdə uğurlar arzulayıb.
Sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsini Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başladığını qeyd edib, Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirdiyini və ölkəmizin qüdrətinin gündən-günə artmaqda olduğunu bildirib.
Ölkəmizdə həyatın bütün sahələrində dinamik inkişaf proseslərinin getdiyi, perspektivli sosial-iqtisadi inkişaf proqramlarının icra olunduğu bir zamanda dövlət qulluqçuları qarşısında tamamilə yeni və müasir tələblər qoyulduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir” fikrini xatırladaraq bildirib ki, dövlət qulluğu vətəndaşlara xidmət missiyasını daşıyır və yüksək peşəkarlıq tələb edir.
Eyni zamanda, qeyd edib ki, dövlət qulluğunda çalışanlara qarşı qayğı da dövlət tərəfindən daim diqqət mərkəzindədir və cənab Prezident tərəfindən dövlət qulluqçularının sosial təminatının yaxşılaşdırılması ilə bağlı davamlı tədbirlər görülür.
Sonda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup dövlət qulluqçusuna Fəxri Fərman verilib.