Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Dünənin, bu günün və gələcəyin partiyası” adlı tədbir keçirilib

17 noyabr 2023 | 14:38

Nizami rayonunda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 31-ci ildönümü münasibətilə “Dünənin, bu günün və gələcəyin partiyası” adlı tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla anılıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Yeni Azərbaycan Partiyasının tarixinə və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, “91”lərin üzvü, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, professor Südeyf İmamverdiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini Elşad Mirbəşir oğlu, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.

Bildirilib ki, 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransı tarixi əhəmiyyətə malikdir.

Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim ulu öndər Heydər Əliyevə idi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Ümummilli lider Heydər Əliyev öz Qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Bu gün əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev uğurla həyata keçirir. Bunun nəticəsidir ki, ölkəmiz regionda güc amilinə, dünya birliyində söz sahibinə, parlaq zəfəri olan, suverenliyi tamamilə təmin edilmiş aktora çevrilib.

Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub. Yeni Azərbaycan Partiyası 31 il ərzində şərəfli və məsuliyyətli yol qət edib, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilib. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

Çıxışlardan sonra rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Fəxri fərmanla, təşəkkürnamələrlə təltif ediliblər, partiyaya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirə Yeni Azərbaycan Partiyası Himni ilə yekun vurulub.

Keçidlər