Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda ənənəvi IV Bilik Kitab Sərgisi keçirilib

05 sentyabr 2026 | 15:10

Nizami Rayon İcra Hakimiyyəti və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) birgə təşkilatçılığı ilə 5–6 sentyabr tarixlərində Heydər Bağı - Park Bulvarda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində IV Bilik Kitab Sərgisi keçirilib.

Bilik Günü ərəfəsində təşkil olunan sərginin rəsmi açılış mərasimində Nizami Rayon İcra Hakimiyyətinin, Azərbaycan Nəşriyyatları Assosiasiyasının, rayon ictimaiyyətinin nümayəndələri, təhsil müəssisələrinin kollektivləri, yazarlar və sakinlər iştirak ediblər.

Çıxış edənlər sərginin əhəmiyyətini vurğulayaraq bildiriblər ki, artıq dördüncü ildir ki, silsilə şəklində keçirilən bu layihənin ana məqsədi cəmiyyətdə kitaba, təhsilə və mütaliəyə olan marağı daha da artırmaq, yeni çap olunmuş əsərləri geniş oxucu kütləsinə təbliğ etmək, eləcə də böyüməkdə olan yeni oxucu nəslinin formalaşmasına töhfə verməkdən ibarətdir.

30-dan çox aparıcı nəşriyyat və kitab mağazasının qatıldığı iki günlük sərgidə bədii əsərlər, dərsliklər, test topluları və dəftərlər sakinlərə xüsusi güzəştli endirimlərlə təqdim olunub.

Tədbir çərçivəsində, həmçinin tanınmış və gənc yazıçıların imza saatları, interaktiv uşaq şouları, şeir və canlı musiqi dəqiqələri təşkil olunub.

Sərgi zəngin bədii-əyləncəli konsert proqramı ilə başa çatıb.

Keçidlər