Nizami rayonunda “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilib
Nizami Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev adına Neft Emalı Zavodunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli“ çərçivəsində “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda Wyndham Garden otelində konfrans keçirilib.
Tədbirdə qonaqlar, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, neftçilər və sahibkarlar iştirak edib.
Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra Ulu Öndər Heydər Əliyevin Neft Emalı Zavoduna səfərlərindən bəhs edən foto sərgiyə baxış olub.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrans iştirakçılarına “Heydər Əliyev və Azərbaycanda neft strategiyası” adlı videofilm nümayiş olunub.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov, Aydın Hüseynov, Sədaqət Vəliyeva, Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Xəyal Cəfərov, “SOCAR Downstream Management” MMC-nin Baş direktoru Emil Alxaslı və Əməkdar neftçi Rasim İbrahimov çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycanda neft sənayesinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər tərəfindən milli neft strategiyasının inkişafı istiqamətində qlobal layihələr işlənib hazırlanmış və həyata keçirilmişdir. 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi -“Əsrin müqaviləsi” ilə Azərbaycanın strateji inkişaf konsepsiyasının təməli qoyulmuşdur. “Əsrin müqaviləsi” müstəqil Azərbaycan Respublikasının yeni tarixinin ən şanlı səhifələrindən biridir.
Xüsusi olaraq vurğulanıb ki, bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu “Əsrin Müqaviləsi” təşkil edir. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynamış, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə vermişdir. Bu tarixi müqavilənin imzalanması ilə ölkəmiz yeni inkişaf erasına daxil olmuşdur.
“Əsrin müqaviləsi” tarixi Zəfərimizin qazanılmasında əhəmiyyətli rol oynayan amillər sırasında xüsusi yer alan iqtisadi və siyasi müstəqilliyimizin daha da möhkəmlənməsində mühüm rol oynamışdır.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə çox uğurla davam etdirilir. “Əsrin Müqaviləsi” ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq müstəqil Azərbaycan özünün ən güclü və qüdrətli dövrünü yaşayır, regionun lider dövlətinə çevrilib.