Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda ət kəsimi məntəqələrində reydlər keçirilib

22 oktyabr 2025 | 14:07

Son zamanlar ölkə ərazisində dabaq xəstəliyinin yayılması ilə bağlı ictimai narahatlığın artması nəzərə alınaraq, Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 22 oktyabr 2025-ci il tarixdə Qida Təhlükəsizliyi Agentliyi və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə birgə reydlər həyata keçirilib.

Reydlərin keçirilməsində əsas məqsəd ət kəsimi və satışı ilə məşğul olan obyektlərdə qanunvericiliyin tələblərinə və sanitar-gigiyenik normalara riayət olunmasının monitorinqi və təmin edilməsi olub.

Reydlər zamanı heyvan kəsimi və ət satışı məntəqələrinin sanitar-gigiyenik vəziyyəti, satılan ət məhsullarının üzərində rəsmi baytarlıq möhürünün və müşayiətedici baytarlıq sənədlərinin mövcudluğu araşdırılıb. Nöqsanlar aşkar olunan məntəqələr barəsində qanunvericiliyə uyğun inzibati tədbirlər görülüb. Qanunsuz heyvan kəsimi üçün quraşdırılmış avadanlıqlar isə sökülərək ərazidən götürülüb.

Tədbir zamanı sahibkarlıq subyektlərinə bildirilib ki, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün heyvan kəsimi və ət satışı fəaliyyətinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun təşkili mühüm əhəmiyyət kəsb edir. Bu sahədə fəaliyyət göstərən sahibkarların üzərinə düşən məsuliyyətin dərk olunması və müvafiq qaydalara əməl edilməsi vacibdir.

Qida təhlükəsizliyinin təmin olunması və vətəndaşların sağlamlığının qorunması məqsədilə bu istiqamətdə monitorinqlər və nəzarət tədbirləri davam etdiriləcək.

Keçidlər