Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilib
Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda 13 iyun 2023-cü il tarixində geniş rayon ictimaiyyətinin iştirakı ilə konfrans keçirilib.
İlk öncə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil və güllər qoyaraq əziz xatirəsini yad ediblər.
Konfrans Cövdət Hacıyev adına 3 nömrəli musiqi məktəbinin xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə açılıb, sonra Ulu Öndər Heydər Əliyevin tarixi xilaskarlıq fəaliyyətindən bəhs edən “Milli dövlətçiliyimizin xilaskarı” adlı videofilm nümayiş olunub.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Eldar Əzizov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov, Sədaqət Vəliyeva, Könül Nurullayeva və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir.
1993-cü il 15 iyun tarixində hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyəti nəticəsində Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, sabitliyin, əmin-amanlığın, demokratiyanın əsası qoyuldu. 15 iyun tarixində müstəqilliyimiz qorunub saxlanıldı, dövlətçiliyimiz xilas edildi, eyni zamanda yeni siyasi kurs, uzunmüddətli və çoxşaxəli inkişaf strategiyası müəyyənləşdirildi.
Xüsusilə vurğulanıb ki, bu gün tarixinin ən güclü və qüdrətli dövrünü yaşayan müstəqil və yeni Azərbaycanda əsası Ümummilli Lider tərəfindən 15 iyunda müəyyənləşdirilən siyasi kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Şanlı Zəfər təntənəsinin qalibiyyət ruhu ilə yaşayan Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilmişdir və xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir.
Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kamera Orkestrinin konsert proqramı ilə davam etdirilib.