Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində Bilik yarışı keçirilib
“Heydər Əliyev İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Bilik yarışı keçirilib.
Yarışda Nizami rayonunun 26 təhsil müəssisəsindən 200-dək nümayəndə iştirak edib. Onlar 5 nəfər əsas, 2 nəfər isə ehtiyat olmaqla 26 komanda şəklində mübarizə aparıblar. Birinci turda 13, ikinci turda 13 komanda mübarizə aparıb və iki turun nəticəsinə görə 6 komanda finala çıxıb. Final mərhələsində isə 145 saylı orta məktəbin komandası birinci, 129 saylı orta məktəbin nümayəndələri ikinci, 70 saylı məktəbin təmsilçiləri isə üçüncü yerin qalibi olublar.
Yarışın mükafatlandırma mərasimi Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi ilə başlayıb, ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov bildiriblər ki, müstəqil Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin siyasi kursu ölkəmizdə əmin-amanlığı, dinamik inkişafı təmin edib. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu bu gün uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin də əsas məqsədi ölkədə intellektual və kreativ gənclər ordusunu formalaşdırmaqdır. Əlavə olunub ki, bu cür bilik yarışlarının keçirilməsinin də əsas məqsədi məhz dövlətin gənclər siyasətinə dəstək vermək və gənc intellektləri üzə çıxarmaqdır.
Çıxışlardan sonra mükafatlandırma mərasimi olub, qaliblərə diplomlar, medallar və kubok, yarış iştirakçılarına isə sertifikatlar təqdim olunub.