Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində rəsm sərgisi keçirilib
Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 mart 2023-cü il tarixində 1 nömrəli Uşaq Evində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə “Azərbaycan - yurdum mənim!” adlı rəsm sərgisi təşkil edilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, ictimai təşkilatların rəhbərləri, qazilər, gənclər və 1 nömrəli Uşaq Evinin kollektivi iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin və Vətənimizn azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunan sərginin əhəmiyyətini vurğulayan çıxış edənlər bildiriblər ki, Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstərib, onların ən böyük himayədarı olub. Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb, müvafiq qanunvericilik aktları qəbul edilib.
Uşaqlarla bağlı dövlət siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla həyata keçirilir. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, bütün uşaqların sevimlisi Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun, həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi layihələr dövlət uşaq siyasətinin reallaşdırılmasında müstəsna rol oynayır.
Çıxışlarda həmçinin qeyd olunub ki, uşaqların vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində, onların asudə vaxtlarının səmərəli təşkilində və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında bu cür sərgilərin böyük əhəmiyyəti vardır.
Çıxışlardan sonra sərgiyə baxış olub. Tamaşaçılara vətənpərvərlik mövzusunda, həmçinin müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri və əl işləri təqdim edilib.
Tədbirdə 1 nömrəli Uşaq Evinin hazırladığı müsiqili kompozisiya nümayiş olunub.