Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Heydər Əliyev ili” çərçivəsində tədbir keçirilib

06 noyabr 2023 | 16:58

Nizami rayonunda “Heydər Əliyev ili” çərçivəsində Nizami Rayon İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Zəfər Günü münasibətilə “Ata vəsiyyəti və inamlı zəfər: Yeni reallıqlar prizmasında Qərbi Azərbaycan həqiqətləri” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla anılıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.

Qeyd olunub ki, birliyimizin və milli iradəmizin rəmzi olan 8 Noyabr Zəfər Günü Azərbaycanımızın tarixinə qızıl hərflərlə əbədi həkk olunub. Bu böyük Qələbə cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, böyük sərkərdəlik qabiliyyəti və müzəffər Ordumuzun şücayəti sayəsində qazanılıb. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Tarixi Zəfər əldə olundu, işğalçı Ermənistan dəmir yumruq qarşısında diz çökdü, 30 illik işğala son qoyuldu, Ulu Öndər Heydər Əliyevin Qarabağı azad görmək arzusu – ata vəsiyyəti parlaq şəkildə yerinə yetirildi.

Çıxışlarda həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış konsepsiyasını irəli sürməklə həm ölkəmizdə, həm də regionda və qlobal miqyasda Azərbaycan həqiqətlərinin çatdırılması, soydaşlarımızın tarixi ata-baba torpaqlarına qayıtması və öz milli-mədəni irsinə sahiblənməsi istiqamətində yeni konseptual baxışlar formalaşdırmasından danışılıb və bildirilib ki, Azərbaycanın dövlət bayrağının Şuşada, Xankəndidə, Xocalıda, Ağdərədə, həmçinin Qarabağın və Şərqi Zəngəzurun  bütün ərazilərində müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ucaldılması xalqımızda Qərbi Azərbaycana qayıdış arzularının da reallığa çevriləcəyinə əminliyini daha da möhkəmləndirir.

Vurğulanıb ki, 30 illik işğal dövrünün tarixi Zəfərimizlə əvəzlənməsindən, hazırda bu torpaqlarda yeni həyatın başlanmasından sonra Qərbi Azərbaycana qayıdışın gündəmə gətirilməsi tarixi ədalətin bərpası istiqamətində növbəti addım kimi dəyərləndirilir. Prezident İlham Əliyevin ötən 20 ildə hər bir vədini reallığa çevirməsi, qətiyyətli və prinsipial mövqeyi Qərbi Azərbaycana qayıdışımızın heç də uzaqda olmadığını təsdiqləyir.

Diqqətə çatdırılıb ki, Qərbi azərbaycanlıların qayıdış tələbi insan hüquq və azadlıqlarına, beynəlxalq hüquqa tam uyğundur.

Çıxışlardan sonra Zəfər Günü ilə əlaqədar qazilərə və şəhid ailələrinə təşəkkür mərasimi keçirilib.

Keçidlər