Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Badminton üzrə açıq turnir keçirilib
Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Badminton üzrə açıq turnir keçirilib.
Turnirdə Bakı şəhəri üzrə müxtəlif idman məktəblərini təmsil edən 3 yaş qrupundan 120-dən çox idmançı iştirak edib. Turnir olimpiya sistemi üzrə keçirilib.
Turnirin bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ulu öndər Heydər Əliyevin əsasını qoyduğu idman siyasətinə həsr edilmiş video-çarx nümayiş etdirilib.
Çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Azərbaycan Badminton Federasiyasının Baş katibi Ramil Hacıyev, 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əli Əliyev və başqaları bildiriblər ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı.
Çıxışlardan sonra mükafatlandırma mərasimi olub. Qaliblərə medallar, diplomlar və hədiyyələr, iştirakçılara isə sertifikatlar təqdim olunub.