Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin yekun mərhələsi keçirilib

10 aprel 2026 | 17:19

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 10  aprel 2026-cı il tarixində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda məktəblilər arasında referat yazı müsabiqəsinin rayon üzrə yekun mərhələsi keçirilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və şöbənin əməkdaşı Mirtural Mirsultanov, ictimaiyyət nümayəndələri, rayon gəncləri, müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri, müəllimlər, müsabiqədə iştirak edən bütün məktəblilər və elmi rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları Şəhidlər Kompleksinin və Ulu Öndər Heydər Əliyevin büstü önünə güllər qoyaraq əziz xatirələrini böyük ehtiramla yad ediblər.

Sonra tədbir iştirakçıları “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Mənim gələcək şəhərim” adlı təqdimatlarla və “Tariximiz, milli mənəvi dəyərlərimiz” mövzusunda təşkil olunan rəsm sərgisi ilə tanış olublar.

Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə  Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək referat yazı müsabiqəsinin yekun rayon mərhələsində iştirak hüququ qazanan məktəbliləri təbrik edib, onlara uğurlar arzulayıblar.

Qeyd olunub ki, "Heydər Əliyev və Azərbaycan tarixi" müsabiqəsi, Ümummilli Liderin zəngin irsini, dövlətçilik fəaliyyətini və Azərbaycanın şanlı tarixini gənc nəslə öyrətmək, onlarda vətənpərvərlik hisslərini gücləndirmək və tarixi yaddaşı təzələmək üçün mühüm maarifləndirici əhəmiyyət daşıyır. Bu müsabiqələr şagirdlərin elmi-yaradıcılıq bacarıqlarını inkişaf etdirir, onların araşdırmalar vasitəsilə müstəqil tədqiqat aparmaq qabiliyyətini formalaşdırır.

Heydər Əliyev irsinin öyrənilməsi və gənc nəslə ötürülməsi məqsədilə keçirilən "Heydər Əliyev və Azərbaycan tarixi" referat yazı müsabiqələri ölkəmizin təhsil və mədəniyyət həyatında xüsusi əhəmiyyətə malikdir. Bu müsabiqələr sadəcə bir yazı müsabiqəsi deyil, həm də gənclərin milli özünüdərk prosesinə verilən böyük töhfədir.

Çıxışlardan sonra rayon üzrə yekun mərhələyə çıxarılmış 16 referat işinin məktəblilər tərəfindən təqdimatı dinlənilib.

Tədbir bədii hissə ilə davam edib.

Keçidlər