Nizami rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin yekun mərhələsi keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 10.04.2025-ci il tarixdə 32 saylı tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda məktəblilər arasında referat yazı müsabiqəsinin rayon üzrə yekun mərhələsi keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Həsənova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və şöbənin əməkdaşı Mirtural Mirsultanov, ictimaiyyət nümayəndələri, rayon gəncləri, müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri, müəllimlər, müsabiqədə iştirak edən bütün məktəblilər və elmi rəhbərləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra referat müsabiqəsinin yekun rayon mərhələsində iştirak hüququ qazanan məktəblilər 5 mövzu üzrə hazırladıqları referatları təqdim ediblər.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Həsənova çıxış edərək Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verib. Qeyd olunub ki, rayon üzrə məktəblilər təyin olunmuş müddət ərzində seçilmiş mövzulara uyğun referatlarını təqdim edərək müsabiqədə iştirak hüququ əldə etmişlər. Təqdim olunmuş 108 referat müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri tərəfindən yoxlanılaraq ümumilikdə 5 mövzu üzrə 14 ən yaxşı referat müəllifi seçilərək növbəti mərhələdə iştirak hüququ qazanmışdır.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək vurğulayıb ki, “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin məqsədi gənclərdə Azərbaycanın tarixi, mədəniyyəti və tarixi şəxsiyyətlərinə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı aşılamaqdır.
Tədbir bədii hissə ilə davam edib.