Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda tədbir keçirilib

31 yanvar 2023 | 17:49

Nizami Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı ilə birgə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda tədbir keçirib.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən məşhur “91”lərin üzvü, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, professor Sudeyf İmamverdiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Nəzarət-Təftiş Komissiyasının üzvü Naqif Həmzəyev, Milli Məclisin deputatı Könül Nurullayeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Qəhrəman Yuriy Kovalyovun qızı Regina Kovalyova, Vətən müharibəsinin qazisi Emin Eminov, gənclərin Laçın-Xankəndi yolunda keçirdiyi dinc aksiyanın iştirakçısı olmuş Əli Babazadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinin zabiti baş leytenant Cavidan Əliyev və başqaları bildiriblər ki, 2 fevral – Azərbaycan Gəncləri Günü gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu tarix MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Vurğulanıb ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Bu gün tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Diqqətə çatdırılıb ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi olub. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ilə Azərbaycan ərazi bütövlüyünü bərpa edib, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşub.

Əlavə edilib ki, bu gün Laçın-Xankəndi yolunda da ekoloji tələblərlə dinc aksiya keçirən, hava şəraitinin kəskinliyinə baxmayaraq durduğu mövqedən geri çəkilməyən gənclərimiz də əsl vətəndaş nümunəsi təqdim edirlər.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmiş gənclərə vəsiqələr təqdim olunub, rayon təşkilatının könüllülük proqramlarında, eləcə də sosial-ictimai həyatda fəal iştirakına görə bir qrup gənc sertifikatlar, fəxri fərmanlar ilə təltif ediliblər. Həmçinin, qazilərə və şəhid ailələrinin nümayəndələrinə hədiyyələr təqdim olunub.

Sonda bədii hissə olub, gənc xanəndə Nuray Hacızadə mahnılar ifa edib, gənc mozaik-rəssam Həzrət Məmmədrzayevin hazırladığı xüsusi fləş-mob nümayiş etdirilib.

Keçidlər