Nizami rayonunda “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib
Nizami Rayon İcra Hakimiyyətinin və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu ” adlı videofilm nümayiş olunub.
Konfransda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Vətən müharibəsi qazisi, ehtiyatda olan baş leytenant Qədir Daşdəmirov və Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxış ediblər.
Qeyd olunub ki, 105 illik yubileyini qeyd edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz Ulu Öndərin yorulmaz fəaliyyəti, siyasi uzaqgörənliyi və böyük təşkilatçılıq qabiliyyəti sayəsində müstəqil Azərbaycanın Ordusu yaradılmış, onun inkişafı, modernləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Ümummilli Liderimizin rəhbərliyi ilə qısa müddətdə ordunun qanunvericilik bazası təkmilləşdirilmiş, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edilmişdir. Ulu Öndərin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir.
Xüsusilə vurğulanıb ki, dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də müasir və modern Azərbaycan Ordusunun yaradıcısı Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Aparılmış məqsədyönlü tədbirlərin və həyata keçirilən islahatların məntiqi nəticəsidir ki, Azərbaycan ordusu bu gün regionun ən güclü ordusu statusuna malikdir, dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan ordusu Qalib ölkənin Qalib Ordusu olduğunu bütün dünyaya bəyan etdi. Ali Baş Komandanımızın qətiyyəti və böyük sərkərdəlik qabiliyyəti sayəsində qüdrətli ordumuz öz tarixi missiyasını ləyaqətlə yerinə yetirdi, 30 illik torpaq həsrətinə son qoydu, 44 gün davam edən İkinci Qarabağ müharibəsində böyük şücaət və qəhrəmanlıqlar göstərərək erməni işğalçılarını torpaqlarımızdan qovdu, tariximizə qızıl hərflərlə şanlı Zəfər salnaməsini yazdı.
Ordumuz döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir. Orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan hər bir Azərbaycan vətəndaşı bu gün öz ordusu ilə fəxr edir.
Konfransda “Şahin” hərbi-idman oyunun şəhər birincisi və Respublika üçüncüsü olmuş 229 saylı tam orta məktəbin komandası mükafatlandırılıb, həmçinin YAP üzvlüyünə qəbul edilmiş şəxslərə vəsiqələr təqdim olunub.