Nizami rayonunda I Bilik kitab sərgisi keçirilib
Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə 9, 10, 11 sentyabr 2022-ci il tarixlərində “Heydər bağı” park-bulvarda I Bilik kitab sərgisi keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin sədri Şəmil Sadiq, rayon ictimaiyyətinin nümayəndələri, rayon təhsil müəssisələrinin kollektivləri və sakinlər iştirak ediblər.
Tədbirin açılış mərasimində Bilik Günü ərəfəsində təşkil olunmuş bu sərginin əhəmiyyətindən danışılıb, əsas məqsədin cəmiyyətdə kitaba, təhsilə, mütaliəyə olan həvəsin daha da gücləndirilməsinin təbliğ edilməsi olduğu bildirilib.
Üç gün davam edən “Qarabağa kitabla gedək” və “Biliyiniz möhkəm olsun!” şüarları altında təşkil edilən sərgidə bədii kitablar, test topluları və məktəb ləvazimatlarının satışı həyata keçirilib. İyirmi dörd nəşriyyat və mağaza tərəfindən 80%-dək endirimlə məhsullar satışa çıxarılıb.
Sərgi çərçivəsində gənc yazarların imza mərasimləri, əyləncəli şou-proqramlar, şeir saatları, canlı musiqi dəqiqələri, “face-art” və master-klasslar təşkil edilib.
Keçirilən sərgi günlərində sakinlər sərfəli alış-verişlərdən faydalanıblar.
Sərginin sonuncu günü konsert proqramı təqdim olunub.