Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “II Bilik Kitab Sərgisi” keçirilib

11 sentyabr 2023 | 14:05

Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə 8-10 sentyabr tarixlərində Heydər Bağı park-bulvarda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunun “II Bilik Kitab Sərgisi” keçirilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin sədri Şəmil Sadiq, rayon ictimaiyyətinin nümayəndələri, rayon təhsil müəssisələrinin kollektivləri və sakinlər iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi nümayiş olunub.

Tədbirin açılış mərasimində Bilik Günü ərəfəsində təşkil olunmuş bu sərginin əhəmiyyətindən danışılıb və qeyd olunub ki, bu cür sərgilər  yeni çap olunmuş kitabların təbliği və oxucuların seçim imkanlarının artırılması, eləcə də mütaliəyə və kitaba olan marağın daha da gücləndirməsi, eyni zamanda, yeni oxucu nəslinin yetişməsi baxımından böyük rol oynayır.

20-dən çox nəşriyyat və mağazanın iştirak etdiyi sərgidə məktəbli ləvazimatlarının, kitabların, dəftərlərin, qeyd dəftərçələrinin, test toplularının, çantaların, həmçinin bədii əsərlərin endirimli satışı olub.

Bununla yanaşı sərgi çərçivəsində tanınmış yazıçıların imza mərasimləri, şou-proqramlar, şeir və canlı musiqi saatları, “face-art” və master-klasslar təşkil olunub.

Sərginin açılış mərasimindən sonra iştirakçılara konsert proqramı təqdim olunub.

Keçidlər