Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda kəskin qarlı hava şəraitinə hazırlıqla bağlı müşavirə keçirilib

19 fevral 2025 | 15:34

Yaxın günlər ərzində ölkə ərazisində kəskin qarlı-şaxtalı hava şəraitinin gözlənilməsi ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətində xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov gözlənilən qarlı hava şəraiti ilə bağlı xidmət sahələrinin və qışa hazırlıqla əlaqədar yaradılan qərargahın qarşısında duran vəzifələr barədə  geniş məlumat verib. Kəskin qarlı hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması, rayonun küçə və  prospektlərinin, məhəllədaxili yollarının qardan və buzdan təmizlənməsi, kanalizasiya şəbəkələrinin, və yağış barmaqlıqlarının işlək vəziyyətdə saxlanılması, baş verə biləcək hadisələrin qarşısının alınması üçün operativ tədbirlərin görülməsi və görülən işlərin nəticəsi barədə mütəmadi olaraq Rayon İcra Hakimiyyətinə məlumat verilməsini diqqətə çatdırıb.

Müşavirədə qarlı hava şəraitində  küçə və prospektlərlə yanaşı əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatların müəyyənləşdirildiyi, kommunal qurumların, digər idarə və təşkilatların sərəncamında olan xüsusi texnikaların saz vəziyyətə gətirildiyi, əlavə texnikaların alındığı, müəyyən olunmuş ərazilərdə duz tədarükü görüldüyü, işçi qrupları yaradıldığı və işçilər arasında xüsusi iş qrafikinin təsdiq edildiyi bildirilib. Bundan başqa, ərazidə mövcud vəziyyətin öyrənilməsi ilə bağlı monitorinq qrupları yaradıldığı diqqətə çatdırılıb.

Eyni zamanda, aidiyyəti qurumların, rayon xidmət və təsərrüfat sahələri tərəfindən rayon ərazisində yerləşən yaşayış və qeyri-yaşayış binalarının davamlı elektrik, qaz, istilik və su ilə təmin olunması, sakinlərə keyfiyyətli kommunal xidmətin göstərilməsi üçün tədbirlər görüldüyü qeyd olunub.

Müşavirədə gözlənilən hava şəraiti ilə əlaqədar qarşıda duran məsələlərlə bağlı müzakirələr və fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı qarşıya çıxan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Müşavirəyə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində qərargah üzvlərinin, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərlərinin üzərilərinə düşən vəzifələrini tam şəkildə yerinə yetirmələri üçün hazır olmalarını bildirib, yarana biləcək çatışmazlıqların aradan qaldırılması və sakinlərin rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlarını verib.

Keçidlər