Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rəsm müsabiqəsi keçirilib

07 may 2025 | 13:33

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində məktəblilər arasında “Vətənim Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilib.

Tədbiri Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunmuş və bununla bağlı Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına əsasən müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, o cümlədən müsabiqələrin keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Nizami rayon məktəbliləri arasında rəsm müsabiqəsinin keçirilməsi məqbul hesab olunmuşdur.

Müsabiqənin məqsədi məktəblilər arasında vətənpərvərlik və Vətənə sevgi hisslərinin aşılanmasından, xalqımızın milli-mənəvi irsinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə aparılan böyük quruculuq işlərinin, bərpa olunmuş mədəni-tarixi abidələrin uşaqların təxəyyülü ilə bədii təsvirini canlandırmaqdan ibarətdir.

Eyni zamanda, istedadlı şagirdlərin üzə çıxarılması, məktəblilərin rəssamlıq sahəsində yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələrinə imkan yaradılması baxımından da müsabiqə xüsusi əhəmiyyət kəsb edir.

Sonra rəsm müsabiqəsinə start verilib. Ümumilikdə müsabiqədə rayon üzrə 24 tam orta məktəbdən iştirak edən 50 nəfər məktəbli verilən vaxt ərzində çəkdikləri rəsm əsərlərini qiymətləndirmək üçün Münsiflər Heyətinə təqdim ediblər.

Tədbirin sonunda Münsiflər Heyətinin qərarı ilə qalib seçilmiş, eləcə də fərqlənən məktəblilər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıblar.

Tədbir musiqi proqramı ilə davam  edib.

Keçidlər