Nizami rayonunda “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib
26 dekabr 2022-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, başçının müavinləri və aparatın şöbə müdirləri, başçının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiyanın bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qaldığını, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyini, sosial ədalətə ciddi təhlükə yaratdığını, iqtisadi və sosial inkişafı ləngitdiyini, əlverişli biznes mühitinin yaranmasına mane olduğunu söyləyib. Korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılmasının ölkə prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayan Coşqun Cəbrayılov, bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdırıb. Ölkəmizdə insanların sosial rifahını və vətəndaş məmnunluğunun daha da artırılması üçün aparılan yeni islahatlar nəticəsində şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirildiyini bildirib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı aparatının Hüquq şöbəsinin müdiri Sabir Abbasəliyev, Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev və Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Rəna İbrahimova “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Qeyd ediblər ki, Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.
Eyni zamanda, dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, ictimaiyyət qarşısında hesabatlılığın daha da gücləndirilməsi, məmur-vətəndaş təmasının minimuma endirilməsi, əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar.