Nizami rayonunda məktəblilər arasında bilik yarışı keçirilib
Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəblilər arasında bilik yarışı keçirilib.
Yarışda rayonun 25 təhsil müəssisəsini təmsil edən komandalar iştirak ediblər. Üç mərhələdən ibarət olan yarışda ümumi xal çoxluğu prinsipi ilə qaliblər müəyyənləşdirilib. Yekun nəticəyə əsasən yarışın qalibi 70 nömrəli məktəb-liseyin kollektivi olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 250 nömrəli tam orta ümumtəhsil məktəbinin və Kimya və Biologiya Təmayüllü Respublika Liseyinin komandaları qazanıblar.
Yarışın Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan qaliblərinin mükafatlandırılması mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Kimya və Biologiya Təmayüllü Respublika Liseyinin həkim-pediatrı Həmidə Əliəfsərova çıxış ediblər.
Sonra yarışın qaliblərinə kubok, medallar, hədiyyələr və diplomlar təqdim edilib.






