Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilib

25 fevral 2026 | 15:51

25 fevral 2026-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilib.

Görüşdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin, eləcə də Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək bildiriblər ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş və misli görünməmiş qəddarlıqlarla və amansızcasına qətliam törətmişdir.

Lakin Azərbaycanın o vaxtkı rəhbərliyi tərəfindən Xocalı faciəsinə anında siyasi qiymət verilməmiş, Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında əməli heç bir iş görülməmişdir.

Yalnız 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsinə dövlət tərəfindən ilk dəfə siyasi qiymət verilmiş, Milli Məclisin 1994-cü il 24 fevral qərarı ilə fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilmiş, dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciətlər göndərilmişdir. Ulu Öndər Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla isə hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Qeyd olunub ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına start verilmişdir və hazırda da bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir.

Xocalı faciəsi erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. Bu soyqırımı, bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş bir vəhşilik aktıdır, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və şanlı Ordumuzun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı separatçılardan təmizləndi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Bu gün Xocalıya yeni həyat qayıdıb, Möhtərəm Prezidentimizin rəhbərliyi və şəxsi nəzarəti ilə işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi Xocalıda da böyük quruculuq işləri aparılır, yeni infrastruktur layihələr həyata keçirilir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq artıq Xocalı sakinləri öz doğma torpaqlarına qayıdır və bu proses uğurla davam edir.

Görüşdə Xocalı sakinləri çıxış edərək öz xatirələrini danışıblar, 30 illik yurd həsrətinə son qoyulduğuna, həmçinin dövlətimiz tərəfindən onlara göstərilən böyük qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər