Nizami rayonunda mülki müdafiə sahəsində görülmüş işlərlə bağlı müşavirə keçirilib
Nizami Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə birgə 09 yanvar 2025-ci il tarixində "Nizami rayonunda 2024-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr" və "Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti" mövzusunda rayon müşavirəsi keçirib.
Müşavirədə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, FHN Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov, Rayon İcra hakimiyyətinin əməkdaşları, FHN Bakı Regional Mərkəzinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat və xidmət sahələrinin, səhiyyə və təhsil ocaqlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov qeyd edib ki, dünyada baş verən təbii fəlakətlər, zəlzələ, yanğın hadisələri, digər təbii və texnogen fövqəladə hadisələr nəticəsində yaranan vəziyyətin aradan qaldırılması, xüsusilə də əhalinin təhlükəsizliyinin təxirə salınmadan təmin edilməsi bu gün ən vacib məsələlərdən sayılır. Bunun üçün ilk növbədə mülki müdafiə və yangın təhlükəsizliyinə qarşı mübarizə məsələlərinə xüsusi önəm verilməli, lazımi hazırlıq işləri vaxtında aparılmalıdır.
Bu gün respublikamızda bütün sahələrdə olduğu kimi, mülki müdafiə və yangın təhlükəsizliyi sahələrində də müvafiq tədbirlər həyata keçirilir, bu xidmət sahələrinin fəaliyyətinə ölkə başçısı tərəfindən xüsusi diqqət və qayğı göstərilir, həmin sahələrin ən müasir texniki və digər vasitələrlə təchiz edilməsi təmin edilir. Ölkəmizdə mülki müdafiə və yanğın təhlükəsizliyi ilə bağlı həyata keçirilən fövqaladə tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin olunmasına göstərilən dövlət siyasətinin bariz təcəssümüdür.
Qeyd olunub ki, Nizami rayonu ərazisində də mülki müdafiə və yanğın təhlükəsizliyi ilə bağlı, xüsusilə də payız-qış mövsümü ərəfəsində mütəmadi profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi istiqamətində birgə fəaliyyətin vacibliyi xüsusi önəm daşıyır və bu sahədə əməli işlərin görülməsi davamlı olaraq həyata keçirilməlidir.
Müşavirədə Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov çıxış edərək, rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib.
Müşavirədə çıxış edən Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri 2024-cü ildə rayonda mülki müdafiə sahəsində görülmüş işlər və 2025-ci ildə qarşıda duran vəzifələrdən, yaşayış massivlərində yanğınların başvermə səbəbləri və onların aradan qaldırılma yollarından, yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yollarından danışıblar. Həmçinin, rayon ərazisindəki mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında müşavirə iştirakçılarını məlumatlandırıblar.
Müşavirədə rayonda enerji təchizatının və qaz təsərrüfatının, yaşayış binalarında yanğın təhlükəsizliyinin mövcud vəziyyəti, problemlər və həlli yolları, baş vermiş fövqəladə hadisələr zamanı ictimai asayişin təşkili barədə məruzələr edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov müşavirədə verilən tövsiyələrin icrasının təmin edilməsi məqsədilə ciddi tədbirlərin görülməsinin, nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayaraq müvafiq qurumların rəhbərlərinə aidiyyəti üzrə tapşırıqlar verib.