Nizami rayonunda mülki müdafiə üzrə nümunəvi məşqlər keçirilib
Nizami Rayon İcra Hakimiyyətinin 2026-cı il üçün mülki müdafiə tədbirləri planına və Fövqəladə hallar və mülki müdafiə şöbəsinin hazırlıq planına əsasən, 29 sentyabr 2026-cı il tarixində Cəmşid Naxçıvanski küçəsi 18 ünvanında rayonun ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi məşqlər keçirilib.
Məşqləri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və FHN Bakı Regional Mərkəzinin rəisi, polkovnik Elnur Məhərrəmov izləyib, mülki müdafiə dəstələrinin hazırlıq səviyyəsinə və cəlb olunmuş texnikalara baxış keçiriblər.
Tədbirin əsas məqsədi ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq sxeminə uyğun olaraq fövqəladə hallara operativ reaksiya vermə hazırlığını yoxlamaq, rəhbər heyətin xəbərdarlıq toplanışı üzrə fəaliyyətini qiymətləndirmək və komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarını təkmilləşdirmək olub. Eyni zamanda, fövqəladə hal şəraitində dəstələrin birgə fəaliyyəti uzlaşdırılıb və şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə praktiki vərdişlər aşılanıb.
Məşqlərə obyektlərin mülki müdafiə qərargahları, ərazi mülki müdafiə qüvvələrinin komandir-rəis və şəxsi heyəti müvafiq texnika, avadanlıq və əmlakla təmin olunmuş vəziyyətdə cəlb olunub.
Hazırlıq çərçivəsində praktiki məşğələlər keçirilib, heyətin funksional vəzifələri dəqiqləşdirilib, əsas və ehtiyat idarəetmə məntəqələri, rabitə və xəbərdarlıq vasitələri, eləcə də texnika və avadanlıq yoxlanılaraq hazır vəziyyətə gətirilib. Məşqdən əvvəl və məşq zamanı iştirakçılara təhlükəsizlik qaydaları barədə təlimat verilib, bu tələblərin yerinə yetirilməsinə ciddi nəzarət olunub.






