Nizami rayonunda “Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda konfrans keçirilib
“Heydər Əliyev İli” çərçivəsində Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycana rəhbər təyin edilməsinin 54-cü ildönümü münasibətilə “Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” adlı videofilm nümayiş olunub.
Konfransda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rasim Musabəyov və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri var. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
Vurğulanıb ki, Azərbaycanın bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intellektual səviyyəsi, bütün müsəlman Şərqinə örnək olan müstəqil ölkə kimi tanınması məhz böyük öndərimiz Heydər Əliyevin fəaliyyətinin nəticəsidir. Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqımızın naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, müstəqil və demokratik dövlətdə yaşadıqlarına, bütün demokratik dəyərləri özündə əks etdirən vətəndaş cəmiyyətində fəaliyyət göstərdiklərinə, xoşbəxt gələcəklərinin sahibləri olduqlarına görə Heydər Əliyev şəxsiyyətinə borcludurlar.
Xüsusilə diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən 1969-cu il 14 iyul tarixində təməli qoyulmuş müstəqil və qüdrətli Azərbaycan bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevın möhtəşəm siyasəti, gərgin əməyi və qətiyyəti sayəsində daha da inkişaf edir, tarixi Zəfər qələbəsinin təntənəsi ilə özünün ən qüdrətli və güclü dövrünü yaşayan ölkəmizdə böyük islahatlar həyata keçirilir.
Çıxışlardan sonra bədii hissə olub, Azərbaycan Respublikasının Əməkdar artisti, Beynəlxalq Muğam Mərkəzinin solisti Sevinc Sarıyevanın ifası dinlənilib.