Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

30 oktyabr 2026 | 14:26

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin təşkilatçılığı ilə 201 nömrəli tam orta məktəbdə “Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə son” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun məsul əməkdaşı Eldəniz Zeynalov, rayonun müvafiq qurumlarının təmsilçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlarda narkomaniyanın cəmiyyətə, xüsusilə gənc nəslin sağlamlığına və gələcəyinə vurduğu zərərdən bəhs olunub, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsinin, maarifləndirmə işlərinin sistemli və kompleks şəkildə aparılmasının vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində Bakı Uşaq və Gənclər Teatrının təqdimatında “Həyat və ölüm” tamaşası nümayiş etdirilib. Səhnə əsərində narkomaniyanın faciəvi nəticələri, yanlış seçimlərin ağır fəsadları və sağlam həyat tərzinin əhəmiyyəti bədii obrazlarla iştirakçıların diqqətinə çatdırılıb.

Maarifləndirici tədbirin əsas məqsədi şagirdlər arasında narkomaniyanın fəsadları barədə məlumatlılığı artırmaq, sağlam həyat tərzini təşviq etmək və gəncləri gələcəkləri naminə düzgün seçimlər etməyə çağırmaq olub.

Eyni zamanda, tədbir çərçivəsində şagirdlərə narkomaniyanın zərərli nəticələri, narkotik vasitələrin yaratdığı təhlükələr və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici bukletlər paylanılıb.

Keçidlər