Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda növbəti “Abad məhəllə” sakinlərin istifadəsinə verilib

08 yanvar 2025 | 18:24

08 yanvar 2025-ci il tarixndə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Nizami rayonunda 2000-dən çox sakinin yaşadığı Bəhruz Nuriyev küçəsi 40, 42, 46, 46a, 48, 48a, 50 ünvanlarını əhatə edən “Abad məhəllə”  sakinlərin istifadəsinə verilib.

Leyla Əliyeva və Arzu Əliyeva IDEA könüllüləri ilə birlikdə həyətlərdə keçirilən ağacəkmə aksiyalarına qatılıb, həmin ərazilərdə yaşayan azyaşlı sakinlərə hədiyyələr təqdim edib.

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış digər ərazilərdə olduğu kimi, yenidən qurulmuş növbəti məhəllədə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü minifutbol meydançası, müxtəlif idman qurğuları, şahmat meydançası, uşaqlar üçün oyun meydançası salınıb. Eyni zamanda, həyətyanı sahələrdə söhbətgahlar, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə, həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ ağaclar, kol bitkiləri əkilərək yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətlərin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.

Qeyd edək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən “Bizim həyət” layihəsi icra olunur. Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. “Bizim həyət” layihəsi çərçivəsində bu günədək 156 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Keçidlər