Nizami rayonunda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib
Milli adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olmaqla Azərbaycan xalqının birliyini, saflığını, əmin-amanlıq və həmrəyliyimizi əks etdirən el bayramıdır.
2023-cü il “Heydər Əliyev İli” çərçivəsində UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruz bayramının qeyd olunması, bununla bağlı təntənəli tədbirlərin keçirilməsi xüsusi önəm daşıyır.
Ölkəmizin hər bir guşəsində olduğu kimi, Nizami rayonunda da sakinlərin böyük əhval-ruhiyyəsi ilə silsilə bayram tədbirləri keçirilir.
17 mart 2023-cü il tarixində Heydər bağı – park bulvarda növbəti bayram tədbiri – “Heydər Əliyev: Novruz-dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır” adlı ümumrayon şənliyi keçirilib.
Bayram şənliyində qonaqlar, rayonun idarə, müəssisə və təşkilatlarının, təlim-tərbiyə müəssisələrinin kollektivləri, rayon gəncləri, qazilər və şəhid ailələri, sakinlər iştirak ediblər.
İlk öncə Dədə Qorqud rayon əhalisini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, öz xeyir-duasını verib və atlı dəstəsinin müşayiəti ilə bayram tonqalını yandırıb, milli geyimli qızlar və oğlanlar yallı gediblər.
Tədbirdə Novruz bayramının ən əsas mərasimləri sayılan Su, Od, Yel, Torpaq çərşənbələrini əks etdirən kompozisiyalar, milli folklor nümunələri, Novruz xonçaları, səmənilər, müxtəlif şirniyyat nümunələri nümayiş edilib, iştirakçılar bayrama həsr olunmuş dekorativ-tətbiqi sənət və əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl maraqlı çıxışları ilə, kəndirbaz və idmançılar isə müxtəlif nömrələrlə tədbirdə xoş ovqat yaradıblar.
Bayram şənliyi geniş konsert proqramı ilə sona çatıb.