Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Novruz bayramı tədbiri keçirilib

17 mart 2025 | 13:19

Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil, bütöv Azərbaycanımızın hər bir guşəsində Şanlı Zəfərin təntənəsi ilə yaşayan xalqımız böyük təntənə və xoş əhval-ruhiyyə ilə Novruz bayramını qeyd edir.

Bütün ölkədə olduğu kimi, Nizami rayonunda da Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 17 mart 2025-ci il tarixində Heydər Bağı – Park Bulvarda sakinlərin, rayon ictimaiyyətinin iştirakı ilə Novruz bayramı qeyd edilib.

Novruz atributları ilə bayramsayağı bəzədilən parkda Su, Od, Yel və Torpaq çərşənbələrini əks etdirən sərgilər təşkil olunub, sakinlər üçün bayram abu-havası yaradılıb.

Dədə Qurqud və Bahar qızı tədbir iştirakçılarını salamlayıb, bayram münasibətilə təbriklərini çatdırıb, onlara can sağlığı, bahar təravəti, bol ruzi-bərəkət arzulayıb və bayram tonqalını yandırıblar.

Novruzun əsas personajları olan Kosa və Keçəl tədbirə toplaşanları şənləndirib, xüsusilə uşaqlarla rəqs edərək onlara xoş ovqat bəxş ediblər.

Bayram tədbirində rəqs  qrupları milli rəqs nümunələri nümayiş etdirib, incəsənət nümayəndələrinin ifasında səsləndirilən xalq mahnıları, eləcə də Azərbaycana, Novruza, Bahara həsr olunmuş şən nəğmələr bayrama xüsusi ahəng qatıb.

Bayram tədbiri tonqal ətrafında “Yallı” rəqsi ilə başa çatıb.

Keçidlər