Nizami rayonunda qanvermə aksiyası keçirilib
Nizami Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə 18 aprel 2023-cü il tarixində Məlhəm Beynəlxalq Hospitalda qanvermə aksiyası keçirilib.
Aksiyada Rayon İcra Hakimiyyətinin, YAP Nizami rayon təşkilatının, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon ictimaiyyəti və gənclər iştirak ediblər.
Aksiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə təşkil olunub.
Aksiyanın əsas məqsədi hemofiliyalı və talassemiyalı xəstələrə, eləcə də qana ehtiyacı olanlara kömək etməkdir. Xüsusi tibbi briqadanın həkim-hematoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
Səhər saatlarından başlayan humanitar aksiyada 81 nəfər könüllü qan verib.
Qeyd edək ki, bu humanist aksiya artıq ənənəyə çevrilib və belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.