Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Sağlam həyat tərzini seçirik, narkomaniyaya yox deyirik” adlı maarifləndirici aksiya keçirilib

22 iyun 2022 | 10:33

Nizami Rayon İcra Hakimiyyəti Rayon Polis İdarəsi ilə birgə 26 İyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar 21 iyun 2022-ci il tarixində rayonun müxtəlif ünvanlarında “Sağlam həyat tərzini seçirik, narkomaniyaya yox deyirik” adlı maarifləndirici aksiya keçirib.

Aksiya çərçivəsində rayonun Keşlə qəsəbəsində, 8-ci km yaşayış ərazisində müxtəlif ünvanlarda, Özbəkistan, K.Balakişiyev, Əlif Hacıyev, Şirin Mirzəyev, Azər Manafov, Tofiq Abbasov və Rizvan Teymurov küçələrində, Qara Qarayev prospektində, parklarda, dayanacaqlarda, metro çıxışlarında əhali ilə, xüsusilə də yeniyetmə-gənclərlə görüşlər keçirilib, narkomaniya barədə maarifləndirici söhbətlər aparılıb, rayon könüllüləri tərəfindən 150 nəfərdən çox gəncə narkomaniyadan və onun ağır fəsadlarından bəhs edən bukletlər paylanılıb.

Görüşlərdə narkomanlığın cəmiyyətə vurduğu yaralardan söhbət açılıb, yeniyetmə-gənclərə sağlam həyat tərzinin alternativsiz həyat tərzi olduğu çatdırılıb və xüsusilə də onlara asudə vaxtlarının səmərəli keçirmələri üçün dəyərli tövsiyələr verilib.

Xüsusi olaraq vurğulanıb ki, bütün bəlaların başında zərərli vərdişlər və onlara aludəçilik durur, odur ki, sağlam həyat tərzi hər bir yeniyetmə-gəncin devizinə çevrilməlidir.

Aksiya vətəndaşlar tərəfindən böyük razılıq hissləri ilə qarşılanıb və belə tədbirlərin böyük mənəvi-tərbiyəvi əhəmiyyət daşıdığı və onun mütəmadi olaraq keçirilməsinin zəruriliyi bildirilib.

 

Keçidlər