Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rəsm və əl işləri müsabiqəsi keçirilib

04 noyabr 2026 | 18:04

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 04 noyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Mənim gələcək şəhərim” mövzusunda məktəblilər arasında rəsm və əl işləri müsabiqəsi keçirilib.

Tədbiri Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova açaraq bildirib ki, məktəblilər arasında rəsm və əl işləri müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən keçirilir. Müsabiqənin məqsədi məktəblilər arasında vətənpərvərlik və Vətənə sevgi hisslərinin aşılanmasından, gənc nəslin ekoloji şüurunun, yaradıcı təfəkkürünün və doğma şəhərə məhəbbət duyğularının inkişaf etdirilməsindən ibarətdir.

Eyni zamanda, istedadlı şagirdlərin üzə çıxarılması, məktəblilərin yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələri, həmçinin onların öz arzu və xəyallarındakı gələcək şəhər mühitini bədii və texniki vasitələrlə ifadə etmək üçün geniş imkan yaradılması baxımından da müsabiqə xüsusi əhəmiyyət kəsb edir.

Könül Həsənova hər bir iştirakçının müsabiqəyə təqdim edilən əsərini yüksək qiymətləndirərək, uşaqlara gələcək fəaliyyətlərində və təhsillərində uğurlar arzulayıb.

Tədbirin rəsmi açılışından sonra iştirakçılara bədii hissə təqdim olunub. Rayonun Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin mahnı və rəqs qruplarının ifasında müxtəlif konsert proqramı nümayiş edilib.

Qeyd edək ki, müsabiqədə rayonun 24 orta məktəbini təmsil edən 50 məktəbli iştirak edib. Münsiflər Heyəti tərəfindən sərgidə nümayiş olunan rəsm və əl işlərinə baxış keçirilərək qaliblər müəyyənləşdirilib və tədbirin sonunda qalib seçilmiş, eləcə də fərqlənən məktəblilərə Nizami Rayon İcra Hakimiyyətinin sertifikatları və hədiyyələr təqdim olunub.

Keçidlər