Nizami rayonunda şəhid Məmmədov Murad Elşən oğlunun xatirəsi anılıb, ailəsi ziyarət edilib
25 sentyabr 2023-ci il tarixində Nizami rayonunda 44 günlük Vətən Müharibəsində şəhid olmuş Məmmədov Murad Elşən oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət edilib.
Anım mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısı Coşqun Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, Keşlə bələdiyyəsinin sədri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.
Şəhid Murad Məmmədovun Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarı ziyarət olunaraq ruhuna dualar edilib, xatirəsi dərin ehtiramla yad olunub.
Mərasimdən sonra Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və aparatın məsul əməkdaşları şəhid Məmmədov Murad Elşən oğlunun ailəsini ziyarət ediblər. İlk öncə şəhidin yaşamış olduğu binanın qarşısında qoyulmuş xatirə abidəsinin önünə gül dəstələri qoyublar.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhidin ailəsinin qayğıları ilə maraqlanıb, ailənin istəklərinin həlli istiqamətində tədbirlər görüləcəyini bildirib.
Qeyd edək ki, Murad Məmmədov Vətən müharibəsi zamanı Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Murad Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.