Nizami rayonunda “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilib
Nizami rayonunda “Heydər Əliyev ili” çərçivəsində Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rasim Musabəyov, Könül Nurullayeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov tədbirdə şıxış ediblər.
Qeyd olunub ki, bu gün dünya azərbaycanlıları müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edir. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi dövründə bu dahi şəxsiyyətin xilaskarlıq missiyası, Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətləri xüsusi minnətdarlıqla xatırlanır. Elə “Heydər Əliyev ili” çərçivəsində çoxsaylı tədbirlərin, konfransların baş tutması Ulu Öndərin xatirəsinə bəslənən tükənməz sevgi və ehtiramdan xəbər verir.
Vurğulanıb ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın xilaskarı, öz həyatını Vətəninə və xalqına bəxş etmiş Heydər Əliyevin zəngin və mənalı ömrünün hər günü bir dastandır.
Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub. 2020-ci ildə Vətən müharibəsi şanlı Zəfərlə başa çatıb, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad edib, xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyub. 2023-cü ilin sentyabr ayının 19-da keçirilmiş antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi tam olaraq təmin edilib. Şübhə yoxdur ki, bu Zəfər yolunun əsasında dahi Heydər Əliyevin ölməz ideyaları dayanır. Bu gün artıq üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın, Şərqi Zəngəzurun hər bir qarışında qürurla dalğalanır.