Nizami rayonunda “Təhsil millətin gələcəyidir” mövzusunda dəyirmi masa keçirilib
Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Təhsil millətin gələcəyidir” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, tələbə adını qazanmış məzunlar, valideynlər, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov, Sədaqət Vəliyeva, Könül Nurullayeva və 61 saylı məktəbin direktoru Zenfira Şıxəliyeva çıxış ediblər.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. Təhsil sahəsini həyatımızın ən gərəkli, ən mühüm sahəsi hesab edən Ümummilli Lider təhsil quruculuğu sahəsində mühüm qərarlar qəbul edib, bu sahənin inkişafında müstəsna əhəmiyyət daşıyan “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nı təsdiq edib.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və xalqımızın gələcəyinə hesablanmış Milli Təhsil strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Azərbaycan təhsilinin daha da inkişaf etdirilməsi, onun dünya təhsil sisteminə inteqrasiya olunması istiqamətində respublikamızda çoxşaxəli layihələr həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər Azərbaycan təhsilinin davamlı inkişafına böyük töhfələr verir.
Çıxış edənlər həmçinin Bilik günü, yeni dərs ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik ediblər, dəyirmi masada iştirak edən yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə uğurlar, onlara gələcəkdə daha da yüksək nailiyyətlər əldə etməyi, savadlı kadrlar kimi yetişməyi, dövlətə və millətə layiqli vətəndaş olmağı arzulayıblar.
Tədbirdə qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş tələbələr adından 62 saylı məktəb-liseyin məzunu Əlinur Zamanlı çıxış edərək təhsil sahəsinə göstərilən böyük qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini və dərin minnətdarlığını çatdırıb.
Tədbirin sonunda yüksək nəticələrlə tələbə adını qazanmış məzunlar Nizami Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıblar.