Nizami rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək məqsədilə ağacəkmə aksiyası keçirilib.
Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Rasim Musabəyov, Rayon İcra Hakimiyyəti başçısı aparatının, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, fəal gənclər, şəhid ailələri və qazilər iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov qeyd edib ki, ümummilli lider Heydər Əliyev rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekologiyanın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına həmişə böyük əhəmiyyət vermiş, Azərbaycanın ekoloji problemlərinin həllini xüsusi diqqətdə saxlamışdır. Ulu Öndər ölkədə yeni ekoloji düşüncənin formalaşmasına zəmin yaratmış, ekoloji siyasətin əsasını qoymuşdur.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan təbiətinə qayğısı hər birimiz üçün ən gözəl nümunədir və bu siyasət hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir.
Aksiyada təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün iqlimə uyğun Eldar şamları əkilib, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib və suvarılıb.