Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

09 dekabr 2022 | 14:38

Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı ilə birgə 12 dekabr - Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirib.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş edilib.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov bildiriblər ki, Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbidir. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini hər zaman dərin ehtiramla yad edir. Millətin məhəbbətini qazanmış Ümummill Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Çıxışlarda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub. Dahi rəhbərin siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti və müzəffər Ordumuzun şücayəti sayəsində Ulu Öndərin bu arzusu real həllini tapdı. İşğalçı erməni qüvvələri üzərində qazanılan tarixi Zəfər qələbəsi ilə xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Bu gün qələbəmizin təntənəsi olaraq üçrəngli bayrağımız Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanır.

Çıxışlardan sonra bədii hissə olub, gənc aktyor Niyaz İlyasoğlunun ifasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş şeir səsləndirilib.

Keçidlər