Nizami rayonunda Ulu Öndər Heydər Əliyevin Anım gününə həsr olunmuş tədbir keçirilib
Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Milli Məclisin deputatlarının, geniş rayon ictimaiyyətinin, şəhid ailələrinin və qazilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin Anım gününə həsr olunmuş tədbir keçirilib.
İlk öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil və güllər qoyaraq əziz xatirəsini böyük ehtiramla anıblar.
Sonra iştirakçılar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş foto sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Azərbaycan Respublikası Milli Məclisinin sədrinin birinci müavini Əli Əhmədov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov, Könül Nurullayeva və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov tədbirdə çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
Azərbaycana rəhbərliyinin bütün dövrlərində Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə respublikamızın həyatında böyük işlərə imza atmış, sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olunmuşdur.
Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim uca tutur, Anım gününü dərin ehtiramla və sonsuz minnətdarlıq hissləri ilə anır. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın yaddaşında, milyonların qəlbində əbədi və daimi yaşayacaqdır.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycanda Heydər Əliyevin siyasi kursu çox uğurla davam etdirilir. Qazanılmış tarixi qalibiyyətlərin və böyük uğurların əsasında Ulu Öndərin əbədiyaşar ideyaları, dönməz siyasi xətti dayanır. Müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir, onun zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir.






