Nizami rayonunda ümumi təhsil müəssisələrində “Son zəng” keçirilib
14 iyun 2024-cü il tarixində Nizami rayonunda ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.
10 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən məktəbin direktoru Şəfayət Orucova bu günün XI sinif şagirdlərinin həyatında qürurverici günlərdən biri olduğunu deyib. Ş.Orucova vurğulayıb ki, bu gün bütöv Azərbaycanda “Məzun günü” keçirilir. Ş. Orucova məzunlara uğurlar arzulayıb və müstəqil həyatda yollarının açıq olmasını diləyib.
Daha sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov “Son zəng” münasibətilə bütün məzunları təbrik edib. Vurğulayıb ki, bu gün ölkəmizin iqtisadi həyatının bütün sahələrində gənc mütəxəssislər uğurla fəaliyyət göstərirlər. C.Cəbrayılov diqqətə çatdırıb ki, “Son zəng” gününü qalib, qüdrətli Azərbaycan Respublikasının vətəndaşları kimi qeyd edirik: “Dünyanın hansı yerində olmasından asılı olmayaraq, bütün məzunlarımız ölkəmizi xaricdə layiqincə təmsil etməlidirlər”.
Daha sonra çıxış edən Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov söyləyib ki, məzunlar öz həyatlarında yeni bir mərhələyə qədəm qoyurlar.
“Uğur dedikdə təkcə ali təhsil müəssisəsinə qəbul olmaq deyil, həm də ailəmiz, vətənimiz üçün vətənpərvər, milli-mənəvi tərbiyə görmüş gənc kimi yetişmək nəzərdə tutulur. Bunun üçün çalışmaq lazımdır”, - deyə Eşqi Bağırov vurğulayıb.
Daha sonra valideynlər, XI və I siniflərin şagirdləri çıxış ediblər.
Tədbir bədii hissə ilə davam etdirilib və ənənəvi olaraq “Son zəng” çalınıb.
https://azertag.az/xeber/baki_seheri_10_nomreli_tam_orta_mektebde_son_zeng_tedbiri_video-3055658