Nizami rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konfrans keçirilib
10 may 2023-cü il tarixində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, başçının müavinləri və aparatın şöbə müdirləri Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini anıblar.
Daha sonra Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri və ictimaiyyət nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə güllər qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad edib, dahi rəhbərin ruhu qarşısında baş əyiblər.
Ümummilli Liderin məzarı ziyarət edildikdən sonra “Yeni Klinika”da Nizami Rayon İcra Hakimiyyətinin və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Nizami rayonuna səfərlərini əks etdirən foto-sərgiyə baxıb, sonra Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Ulu Öndər Heydər Əliyevin parlaq fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib.
Qeyd olunub ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Azərbaycana rəhbərliyinin bütün dövrlərində Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə respublikamızın həyatında böyük işlərə imza atmış, sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olunmuşdur.
Heydər Əliyevin 34 illik fəaliyyəti tariximizin şanlı səhifəsi, Azərbaycanın inkişaf və tərəqqi səlnaməsi, hər anı böyük uğurlar və nailiyyətlərlə ölçülən təkrarolunmaz siyasi məktəb və onun zəngin, çoxşaxəli irsi xalqımızın milli sərvətidir. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
Xüsusilə vurğulanıb ki, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir.
Konfransda həmçinin Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətindən bəhs edən “Əsrin adamı” video-filmi nümayiş olunub.