Nizami rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəblilər arasında şahmat turniri keçirilib
Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəblilər arasında şahmat turniri keçirilib.
Oğlanlar və qızlar arasında keçirilən turnirdə 24 təhsil müəssisəsinin nümayəndələri iştirak edib. “EduLAB Chess School”un və “Sevinc Mall”in dəstəyi ilə keçirilən yarışda ümumilikdə 50-dək zəka sahibi çempion adı uğrunda mübarizəyə qoşulub. Olimpiya sistemi üzrə keçirilən turnirdə oğlanlar arasında birinci yerin qalibi Kimya və Biologiya Təmayüllü Respublika Liseyinin şagirdi Cahandar Azadəliyev olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 214 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Kənan İmranlı və “Zəngi” liseyinin şagirdi İsmayıl İsmayılzadə əldə ediblər. Qızlar üzrə isə yarışın çempionu 229 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Nəzrin Süleymanlı olub. İkinci yerə 61 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Kəmalə Muradlı, üçüncü yerə isə 272 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Alsu Mehtiyeva sahib olublar.
Keçirilən şahmat turnirinin Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan qaliblərinin mükafatlandırılması mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, “EduLAB Chess School”un direktoru Rəhimə Məcidova çıxış edib, ölkəmizdə şahmat sahəsinə və şahmatçılara olan dövlət qayğısından bəhs ediblər.
Sonra turnir iştirakçılarına sertifikatlar, “EduLAB Chess School”un və “Sevinc Mall”in rəhbərliyinə təşəkkürnamələr, qaliblərə isə medallar, hədiyyələr, diplomlar və kuboklar verilib.






