Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda uşaq hüquqlarının müdafiəsi ilə bağlı tədbir keçirilib

22 may 2025 | 12:16

Nizami Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın icrası istiqamətində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri, tam orta məktəblərin, kolleclərin və peşə mərkəzinin psixoloqları, həmçinin müstəqil ekspert-psixoloqlar iştirak ediblər.

Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Könül Həsənova çıxış edərək Fəaliyyət Planının icrası istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barəsində məlumat verib. Qeyd olunub ki, uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən əsas tədbirlərdən biri təhsil müəssisələrində psixoloji xidmətin təşkilidir. Psixoloji xidmət şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq onların təhsil yolunu düzgün müəyyən etməyə kömək edir və bununla bağlı məktəb psixoloqlarının fəaliyyətləri xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə həmçinin psixoloji xidmətin təşkili ilə bağlı müxtəlif təkliflər səsləndirilib, bu sahədə mövcud problemlərə toxunulub, problemlərin həlli ilə bağlı görüləcək işlər müəyyənləşdirilib, məktəb psixoloqlarının sualları cavablandırılıb və sonda "Orvita" Psixoloji Reabilitasiya Mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktayqızı və psixoloq Səidə Əhmədova psixoloqlar üçün təlim keçiblər. Təlimdə iştirakçılara ölkəmizdə uşaq hüquqları sahəsində aparılan dövlət siyasəti, habelə uşaq hüquqları ilə bağlı qəbul edilən qərarlar, hər bir uşağın ehtiyaclarına uyğun inkişaf planının hazırlanması, uşağın nitq, qavrama, davranış sahəsində funksional bacarıqlarının qiymətləndirməsi, uşaqlarda öyrənmə və inkişaf prosesləri barədə ətraflı məlumatlar verilib. Həmçinin çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması, onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılıq hallarının baş verməməsi üçün edilməsi vacib olan məsələlər diqqətə çatdırılıb, psixoloqlara öz iş fəaliyyətlərində bu məsələləri nəzərə almaları tövsiyə edilib.

Keçidlər