Nizami rayonunda “Varlığımsan, Azərbaycan!” mövzusunda rəsm müsabiqəsi keçirilib
06 may 2022-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Varlığımsan, Azərbaycan” adlı rayon məktəblilərinin rəsm müsabiqəsi keçirilib.
Tədbirdə qonaqlar, rayon ictimaiyyətinin nümayəndələri, təhsil müəssisələrinin kollektivləri, məktəblilər iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin portretlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.
Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov açaraq qeyd edib ki, ulu öndərimiz Heydər Əliyevin anadan olduğu 10 may təqvimimizə əbədi həkk olunmuş tarixi bir gündür. Heydər Əliyev Azərbaycanın ən yeni tarixini yazan və yaradan dahi şəxsiyyət, müdrik rəhbər və görkəmli dövlət xadimidir. Müstəqil Azərbaycanımızın varlığı onun adı, misilsiz xidmətləri və həyata keçirdiyi uzaqgörən siyasəti ilə bağlıdır. Heydər Əliyev dövlətimizin xilaskarı, müstəqilliyimizin qarantı, uğurlarımızın və qələbələrimizin baş memarıdır.
Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanımız cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, möhkəmlənir. Ulu Öndərimizin siyasi kursu möhtərəm Prezidentimiz tərəfindən bütün sahələrdə çox uğurla davam etdirilir. Xalqımız artıq ikinci ildir ki, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbəmizin təntənəsini yaşayır. Cənab Prezidentimizin qətiyyəti və müzəffər Ordumuzun şücaəti ilə 30 illik düşmən tapdağı altında olan əzəli torpaqlarımız işğaldan azad olundu, böyük tariximizə şanlı Zəfərimiz qızıl hərflərlə yazıldı.
Bu gün möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir və əminik ki, tezliklə həmin ərazilərimiz də Azərbaycanın digər regionları kimi əsl cənnətə çevriləcəkdir.
Sonda müsabiqə iştirakçılarına uğurlar diləyib və qeyd edib ki, bu tədbir Ulu Öndərimizə olan ümumxalq sevgisinin təcəssümü, onun irsinin təbliği və eyni zamanda gənc istedadların üzə çıxarılması baxımından çox əhəmiyyətlidir.
Müsabiqənin şərtləri barədə ümumi məlumat verildikdən sonra müsabiqəyə start verilib.
Tədbirdə 11-13 və 14-17 yaş kateqoriyaları üzrə hər yaş kateqoriyasını 16 nəfər təmsil etməklə 32 nəfər məktəbli iştirak edib.
Müstəqil münsiflər tərəfindən hər yaş kateqoriyası üzrə qaliblər (I-II-III yerlər), həmçinin “Ən yaxşı ideya müəllifi”, “Ən yaxşı kompozisiya həlli” və “Ən yaxşı rəng həlli” nominasiyaları üzrə fərqlənənlər seçilib.
Müsabiqənin qaliblərinə, həmçinin müxtəlif nominasiyalar üzrə fərqlənənlərə Rayon İcra Hakimiyyətinin diplomları və qiymətli hədiyyələr verilib, digər iştirakçılar da diqqətdən kənarda qalmayaraq mükafatlandırılıblar.