Nizami rayonunda Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor Amid Heydərovun adını daşıyan küçənin ünvan lövhəsinin açılışı olub
28 sentyabr 2023-cü il tarixində Nizami rayonunda Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor Amid Rəbbil oğlu Heydərovun adını daşıyan küçənin ünvan lövhəsinin açılış mərasimi olub.
Qeyd edək ki, B.Nuriyev və C.Naxçıvanski küçələrini birləşdirən adsız küçə “Amid Heydərov küçəsi” adlandırılıb.
Açılış mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Ordumuzun qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfər qələbəsindən və bu Qələbəni bizə bəxş edən əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq və şücaətdən danışıb. Eyni zamanda, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin unudulmayacağını, onlara və ailələrinə hər zaman diqqət və qayğı göstəriləcəyini bildirib.
Daha sonra çıxış edən şəhidin ailə üzvləri və yoldaşları onun qəhrəmanlığından, vətənpərvərliyindən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru Amid Heydərov Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 3-də şəhid olub və Lerik şəhərində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Amid Heydərova ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.