Nizami rayonunda Vətən müharibəsi şəhidi Cavid Manafovun adına küçənin açılışı olub
26 may 2023-cü il tarixində Nizami rayonunda Vətən müharibəsinin şəhidi Cavid Faiq oğlu Manafovun adını daşıyan küçənin açılış mərasimi olub.
Qeyd edək ki, Nəsimi küçəsinin Mikayıl Əliyev küçəsindən başlayan və Şirin Mirzəyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsi Cavid Manafov küçəsi adlandırılmışdır.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqdan danışıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparanların, şəhid olanların dövlət tərəfindən unudulmadığını, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşıldığını, diqqət və qayğı göstərildiyini bildirib.
Daha sonra çıxış edən şəhidin ailə üzvləri və yoldaşları onun qəhrəmanlığından, vətənpərvərliyindən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd edək ki, Cavid Manafov Vətən müharibəsi başladığı gündən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 31 oktyabr 2020-ci il tarixində Batareya komandirini xilas edib və digər döyüş yoldaşlarını xilas edərkən ağır yaralanmışdır. 7 noyabr 2020-ci il tarixində şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", “Şücaətə görə”, "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.