Nizami rayonunda Vətən müharibəsi şəhidi Mahir Dadaşzadə adına küçənin açılışı olub
25 avqust 2023-cü il tarixində Nizami rayonunda Vətən müharibəsi şəhidi Mahir Qərib oğlu Dadaşzadənin adını daşıyan küçənin açılış mərasimi olub.
Qeyd edək ki, Qara Qarayev prospekti ilə Məhsəti Gəncəvi küçəsini birləşdirən adsız küçə “Mahir Dadaşzadə küçəsi” adlandırılıb.
Açılış mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaətdən danışıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparanların, şəhid olanların dövlət tərəfindən unudulmadığını, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşıldığını, diqqət və qayğı göstərildiyini bildirib.
Daha sonra çıxış edən şəhidin ailə üzvləri və yoldaşları onun qəhrəmanlığından, vətənpərvərliyindən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun baş leytenantı Mahir Dadaşzadə 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində, 2020-ci ilin 12–16 iyulunda Tovuz döyüşlərində və 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mahir Dadaşzadə Vətən müharibəsində 20-dən çox yaralı hərbçini döyüş meydanından çıxarıb. Mahir Dadaşzadə 2020-ci ilin oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra " Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.